Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Cəymiyyət » DİNİN SOSİOLOJİ KONSEPSİYASI VƏ DİNDARLIĞIN ASPEKTLƏRİ

DİNİN SOSİOLOJİ KONSEPSİYASI VƏ DİNDARLIĞIN ASPEKTLƏRİ

Advertisements
N:9 (38) Sentyabr 2015 sayında yayınlanmışdır
Asəf Qənbərov

Dinə Sosioloji Baxış

Din bəşəriyyət tarixində hər zaman mövcud olmuşdur. Tarixi, antropoloji ve sosyoloji tədqiqatlar  göstərmişdir ki, istər ənənəvi istərsə də müasirləşmiş olsun bütün cəmiyyətlər dini inanclar sisteminə sahib olmuşdur. Dini inanclar hər zaman cəmiyyət həyatı üçün əhəmiyyətli olmuştur. Belə olan halda dinin elmi konsepsiyasını hazırlamaq və dirdarlığın aspektlərini, əhatə dairəsini və intensivliyini elmi metodlarla təhlil etmək zərurəti ortaya cıxır. Bu səbəblə XVIII əsrdən başlayaraq dinin mahiyyəti və cəmiyyət həyatı üçün rolunu təhlil edən din sosiologiyası və din antropologiyası elmləri inkişaf etməyə başlamışdır.

Dinin elmi konsepsiyası təbii ki, ona ümumi və obyektiv bir tərif verməkdən başlayır. Amma dini inanclar çox müxtəlif və bir-birindən olduqda fərqləndiklərinə görə elm adamları arasında dinin qəbul olunmuş vahid bir tərifi yoxdur. Sosioloqlar və bəzi antropoloqlar dini tərif edərkən ilk növbədə dini inanclar sisteminin zəruri elementlərini fərqləndirməyə çalışırlar. Dinin mahiyyəti nədir? Dinin fərd və cəmiyyət həyatı üçün əhəmiyyəti nədir? Bu suallardan birincisinə verilən cavablar, dinin substansial təriflərini meydana gətirir. Dinin substantial tərifləri, dinin mahiyyətini və ən zəruri elementlərini ayırd etməyə çalışır. İkinci suala verilən cavablar isə dinin funksional tərifləri adlanır. Funkional təriflərdə isə daha çox dinin cəmiyyət həyatı üçün oynadığı rollar və yerinə yetirdiyi vəzifələr nəzərdə tutulur.

Dinin substantial təriflərinə örnək olaraq aşağıdakıları qeyd etmək olar. İngilis antropoloqu E. B. Taylor, dinə “ruhani varlıqlara inanc” şəklində bir tərif vermişdir [1, s. 196]. Burada “ruhani varlıqlar” ifadəsi, insanların idrakını aşan, fövqəl-bəşər güclərə sahib olan ruhani varlıqlar (tanrı, mələk və s.) kimi başa düşülür. Bu ifadə tanrılar kimi ölü ruhlarını, mələk, cin və başqa ruhani varlıqları da əhatə edir. Buna bənzər olaraq bir çox mütəfəkkirlər dinləri “tanrıya (monotheist dinlər) və ya tanrılara (politeist dinlər) inanç” kimi tərif etmişdir. Amma bu təriflər,  Buddizm və Taoizm kimi  tanrı ve ruh inancının olmadığı və ya tanrı inançının əhəmiyyətli rol oynamadığı dinləri əhatə etmədiyi üçün tənqidlərə məruz qalmışdır [2, s. 48-49].

Əsas etibarilə din fenomenlogiyası ilə məşğul olan alimlər və ümumi olaraq din elmlərini araşdıran tədqiqatçılar, “müqəddəslik” (ing. Sacred) anlayışının, dini fenomenlərin ən təməl elementlərdən biri olduğu mövzusunda həmfikirdirlər. Müqəddəs olan obyekt və ideyalar, bizə və dünyəvi olan hadisələrə nəzərən çox fərqlidir. Onlar, bəşəri və dünyəvi olana nəzərən insanın ruhani aləmində “qorxu və ya xof yaradan, sirli bir hissiyat”  kimi təzahür etməkdədir [3, s. 94]. Bu mənada antropoloq Rudolf Otto dini, “müqəddəs olanın təcrübə edilməsi” şəklində tərif etmişdir. Ona görə din, insanın müqəddəs olanla qarşılıqlı əlaqəsindən ibarətdir. Müqəddəs olaraq bilinən və müqəddəs qəbul edilən şey, hər şeydən öncə sadəcə dini sahədə təzahür edən xüsusi bir qiymətləndirmədir. Bununla yanaşı müqəddəslik, bütün dinlərdə geniş yayılmış bir fenomendir [4, s. 57].

Dinin funksional tərifləri isə daha çox dinin fərd və cəmiyyət üçün oynadığı rolları nəzərdə tutur. Bu tipli təriflərdə dinin cəmiyyəti bütünləşdirən və eyni inancları daşıyan insanlar arasında həmrəylik yaradan xüsusiyyətlər vurğulanır. Din, millətləşmə prosesində də çox əhəmiyyətli rol oynayır. Bir cəmiyyətdə dinin milli identikliklə olan qarşılıqlı münasibətləri nə qədər sıx olarsa, orada ictimai struktur da o nisbətdə möhkəm olmaqdadır. Dinin fərd üçün əhəmiyyətinə gəlincə, bu daha çox insanın ruhani dünyası ilə əlagələndirilir. Din insanın mənəvi böhranlar, ümidsizlik və pessimizmə qarşı qoruyur. Dinin ictimai və fərdi funskiyaları ilə əlaqəli sadaladığımız bu təriflər, dinin funskional təriflərininin tipik örləkləridir.

Bir başqa antropoloq Klifford Girtz isə dini, simvollar sistemi kimi izah etmişdir. Girtzə görə din, “insanlarda güclü, geniş və qalıcı əhval ruhiyyə və motivasiyalar yaradan simvollar sistemidir”. Dini simvollara müqəddəs hesab edilən varlıqlar, əşyalar və davranışları aid edilir [5, s. 9]. Bəzi tədqiqatçılar Girtzin tərifini dinin simvolik tərifi adlandırmışdır.

Dinin sosioloji nəzəriyyəsini hazırlamaqda böyük xidmətləri olan fransız sosioloq Emile Durkheim, dinin yuxarıda sadaladığımız iki (substatial və funksional) xüsusiyyətini birləşdirərərk dinin ümumi bir tərifini verir. Ona görə dinin mahiyyəti “müqəddəs” (sacred) və “müqəddəs olmayan” (profan) ayırımına əsaslanır: Din müqəddəs şeylərlə əlaqəli inanç və ayinlərdən ibarət olan və ona inananları mənəvi bir birlik və ya dini camaat əhatəsində birləşdirən və həmrəylik yaradan sistemdir [1, s. 223]. Gördüyümüz kimi bu tərifdə dinin mahiyyəti izah olunmaqla birlikdə, dinin insanları mənəvi bağlarla birləşdirmə funksiyası da qeyd edilmişdir. Beləliklə Durkheim öz din tərifində, dinin mahiyyəti ilə əlagəli substansial və dinin ictmai rollarını əks etdirən funksional xüsusiyyətlərini birləşdirmişdir.

İslama görə dini tərif edərkən, doğru-yalnış və ya hak din-batil din kriteriyaları əsas alınır. İslam alimlərinə görə din, “ilahi bir tərbiyə sistemidir”. Bu sistem insanlara dünya və axirət səadəti bəxş edən, müəyyən əqidə və əməllərdən meydana gələr ilahi bir yol və müəssisədir [6, C. IX, s. 314]. Gördüyümüz kimi bu tərif normativ bir xüsusiyyət daşıyır. Burada dinə müəyyən bir dini nöqtəyi- nəzərdən baxılır. Açıqca görünməkdədir ki, bu tərif obyektiv bir elmi yanaşma deyildir. Çünki bu tərifi bütün dinlərə şamil etmək mümkün deyildir.

Dinin ümumi və obyektiv tərifini müəyyənləşdirmək üçün, bütün dinlərdə müştərək olan xüsusiyyətləri belə sıralamaq olar: “ Din, insanlarda qorxu, xof və heyrət uyandıran bir sıra simvolları əhatə edir. Dinlərdə müqəddəsliklə bağlı ayinlər vardır. Müqəddəslik anlayışı dinlərin əsas elementini təşkil edir. Bəzi dinlərdə tanrı inancı yoxdur və ya tanrı inancı əhəmiyyətli deyildir. Amma bütün dinlərdə, insanlarda qorxu ve heyranlıq uyandıran ruhani varlıqlar və müqəddəs sayılan substansiyalar vardır [7, s. 464].

Dindarlığın Aspektləri

Din müxtəlif insanlar üçün bir-birindən fərqli mənalar kəsb edir. İnsanlar, ictimai-mədəni köklərinə bağlı olaraq dini təlimləri müxtəlif üsullarda anlayırlar. Eyni dini ənənələr içərisində belə dinin fərdlə və cəmiyyətlə münasibətlərinin birçox interpretasiyaları ilə qarşılaşırıq [8, s. 15].  Bu səbəbdəndir ki, bütün dünya dinləri məzhəblərə və sektalara bölünmüşdür. Buna görə də bəzi sosioloqlar dini hərəkatların daha kiçik sektalara bölünməsini təbii hal olaraq qiymətləndirmişlər.

Dindarlıq tək yönlü bir fenomen olmadığı üçün, sadəcə kilsə üzvlüyü və ya ibadətlərdə iştirak etmə sıxlığının kontitativ üsullarla ölçülməsi dindarlığın intensivliyini və dərəcəsini müəyyən etməkdə yalnış nəticələrə səbəb ola bilər. Məsələn XIX və XX əsrlərdə bir sıra Qərbi-Avropa ölkələrində institusional dindarlıqda kəskin azalma tendensiyası, radikal sekulyarizasiya nəzəriyyəsinin irəli sürülməsinə səbəb olmuşdur. Sekulyarizasiya nəzəriyyəsinə görə, din tədrici olaraq cəmiyyət həyatından tamamilə yox olacaqdı [9, s. 9]. Amma bu tezisin artıq keçərli olmadığı təsdiqini tapmışdır. Çünki sekulyarizasiya dindarlığın sadəcə dinin praktik və ya ritual aspektini nəzərə alırdı. Amma dinin inanç, dini təcrübə və ictimai nəticələri aspektlərinə isə diqqət yetirmirdi.

Dini bağlılıq və ya dindarlıq birdən çox aspektləri əhatə edir. Empirik araşdırmalarda dindarlığın dərəcəsini ölçmək üçün dini bağlılığın müxtəlif aspektlərini fərqləndirmək zəruridir. Buna görə də dinin sosioloji nəzəriyyəsi üzərində tətqiqat aparan sosioloqlar, bəzi kriteriyalara əsaslanaraq dindarlığın müxtəlif aspektlərini müəyyənləşdiriblər [10, s. 268]. Bu sosioloqlardan olan Gerhard Lensky (1962) və Çarlz Qlok (1972)-un təsnifatı aşağıdakı qrafikada təqdim edilmişdir.grafik 1

Lenskiyə görə dinin təşkilati aspekti, dini ayinlər və din xidmətlərində iştirak etməni; ictimai aspekt, dinin cəmiyyətlə əlaqəli olan yönlərini; doktrinal aspekti dinin inanc və əqidə əsaslarını bilmə və qəbul etməni; dini bağlılıq (devotionalism) kimi tərcümə etdiyimiz aspekt isə inanan ilə tanrı arasındakı mistik və psixoloji əlaqə və ya dini təcrübə yönünü ifadə edir [8, s. 15].

Ç. Qlok isə dindarlıq oriyentasiyasını ölçmək üçün  dini bağlılığın beş aspektini təqdim etmişdir. Bunlar təcrübə (experiential), ritual, ideoloji, bilgi və dinin nəticələri (consequential) deyə biləcəyimiz aspektlərdir [11, s. 203]. Empirik dini tədqiqatlarda dindarlığın ölçüsü olaraq bu beş aspektdən daha çox istifadə edilir. Buna görə də Qlokun dindarlıq aspektlərini aşağıda daha detallı olaraq izah etməyi məqsədəuyğun hesab edirik.

  1. Dini təcrübə (duyğu)

Dindarlığın bu aspektində dindar insanın mütləq varlığı qəlbində müşahidə etməsi, onu hiss etməsi və buna bənzər psixoloji hallar nəzərdə tutulur. Qorxu, ilahi sevgi, vəcdə gəlmək bu hisslərin müxtəlif ifadə şəkilləridir. Bütün dinlər müəyyən qədər dindarlığın bu aspektinə əhəmiyyət verirlər. Islami din ənənələrində mistik həyata əhəmiyyət verən təsəvvüfi cərəyanlar, dinin bu aspektini daha çox inkişaf etdirməyə çalışmışlar [12, s. 53-54].

  1. Ritual (ibadət və ayinlər)

Din əsas etibarilə müqəddəsliklə əlaqəli inanç və təsəvvürlərdən ibarət olmaqla yanaşı, həm də bu inanışlarla əlaqəli duyğu və davranışları ehtiva edir. Bu dindarlığın ritual və ya praktiki aspekti adlanır [1, s. 244].  İslami nöqtəyi nəzərdən baxsaq ritual aspektindən məqsəd, dindarların yerinə yetirməsi gözlənilən xüsusi ibadətlərdir. Bunlar namaz, oruc tutma, dua, dini ayinlərdə iştirak etmə və s. ola bilər.

  1. İdeologiya- (İnanç)

İdeoloji aspekt, dinin təməli sayılan inanç əsaslarının dindarlar tərəfindən bilinməsi və qəbul edilməsidir.  Allaha inanmadan başlayaraq, ölümdən sonrakı həyat, mələk-şeytan, cəhənnəm-cənnətin varlığına inanma bu aspekti təşkil edir. İslami kontekstə dinin ideoloji aspektinin ölçülməsi “aməntü” adı altında formalaşdırılan altı inanç əsasını əhatə etməlidir.

  1. Dini Bilik

Dindarlığın bilgi aspekti, dinin əsas təlimlərinin və müqəddəs mətinlərin dindarlar tərəfindən bilinməsini nəzərdə tutur. Dinin əsas təlimlərinin bilinməsi zəruri olaraq ona inanmaqla nəticələnmədiyi üçün bilgi aspekti ideoloji (inanç) aspektdən fərqləndirilir.

  1. Dinin Nəticələri

Ç. Qlok dindarlığın aspektlərini müəyyənləşdirikən, dini inanç və ritualların sosial davranışlar üzərində hansı ölçüdə təsirli olduğunu da buraya daxil etmişdir. [13, s. 53-78]. Dindarlığın nəticələri aspekti, dini inanc və əqidənin dünyəvi nəticələrini, dinin cəmiyyətlə olan münasibətlərini əhatə edir.

 

ƏDƏBİYYAT

  1. Ünver Günay. Din Sosyolojisi. İstanbul: İnsan Yayınları, 2005
  2. Emile Durkheim. Dini Hayatın İlkel Biçimleri. tər. Fuat Aydın. İstanbul: Ataç   Yayınları, 2005
  3. Ünver Günay. Dinin Bireysel ve Toplumsal Boyutu. A.Ü.İ.F. Dergisi, Özel Sayı: Cumhuriyetin 75. Yıldönümüne Armağan. Ankara: Ankara Üniversitesi Basımevi, 1999, (s. 91-117)
  4. Ejder Okumuş. Toplumsal Değişme ve Din, İstanbul: İnsan Yayınları, 2003
  5. Roberts A. Keith. Religion in Sociological Perspective. California: Wadsworth Publishing, 1990
  6. Günay Tümer, “Din”, Diyanet İslam Ensiklopedisi, C. IX, s. 314
  7. Anthony Giddens. Sosioloji, Yayına Hazırlayanlar Hüsüyin Özel-Cemal Güzel. Ankara: Ayraç Yayınları, 2000
  8. Talip Küçükcan. “Can Religiosity Be Measured? Dimensions Of Religious Commitment: Theories Revisited” T.C. Uludağ Universitesi İlahiyat Fakültesi Dergisi, Sayı 9, Uludağ: 2000
  9. Roy Wallis – Steve Bruce. “Secularization: The Orthodox Model”  Religion and Modernization, Editor: Steve Bruce, Oxford: Clarenton Press, 1992
  10. Muhammad Syukri Salleh, Religiosity in Development: A Theoretical    Construct of an Islamic Based Development, International Journal of Humanities and Social Science, Vol. 2 No. 14, 2012
  11. James T. Duke, “The Dimensions of Religiosity: A Conceptual Model with an Empirical Test,” in Latter-day Saint Social Life: Social Research on the LDS Church and its Members. Provo UT: Religious Studies Center, Brigham Young University Press, 1998
  12. Emin Köktaş. Türkiyede Dini Hayat,  İstanbul: İşarət Yayınları, 1993
  13. Yasemin El-Menouar. The Five Dimensions of Muslim Religiosity. Results of an Empirical Study, Methods, Data, Analyses, Vol. 8(1), 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: