Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Cəymiyyət » Sekulyarizasiya və Müasir Dünyada Dinin Yeri

Sekulyarizasiya və Müasir Dünyada Dinin Yeri

Advertisements

Sekulyarizasiya, dünyəviləşmə və dünyəviliksecular

Sekulyarizasiya, “ institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və ya zəifləməsi”[1] prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir. Daha dəqiq olaraq sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz edə bilərik. Bu məqalədə də sekulyarizasiya və dünyəviləşmə terminini eyni mənada işlədirik. Dünyəviləşmə ilə qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağla və təcrübəyə istinad edən, ümumi mənafeyi (utility) nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə cəmiyyətdə modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox məhdud bir sahədə fəaliyyət göstərirlər. Amma daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq əsasən Qərbi-Avropa ölkələri üçün doğrudur. Modernləşmə cəhətindən yüksək səviyyədə olan ABŞ- da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Buna görə də sekulyarizasiya tezisini müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar.[2]

Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan bir başqa termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və bu termini sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm (dünyəvilik) dinin dövlətdən ayrı olduğunu və qanununvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi”[3] və “təhsilin dünyəvi xarakter daşıması”[4] maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ bir termin olub siyasi-hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai bir durumu təsvir edən deskriptiv bir termindir.

Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fəlsəfəçi Ferdinand Buisson (1841-1932) irəli sürmüşdür. Buisson eyni zamanda 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətləri olmuşdur.[5] Buissona görə, din və dövlət işlərinin ayrılması mənasında dünyəvilik, dünyəviləşmənin nəticəsidir. Onun fikrincə görə fransız cəmiyyəti, Avropanın yüksək səviyyədə dünyəviləşmiş cəmiyyəti olmuşdur.[6] Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə Fransada həyata keçirilmişdir.

Dinin ictimai əhəmiyyətinin azalması, modernləşmənin üç xüsusiyyəti ilə əlaqələndirilir. Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasoinallaşma prosesləridir.[7] Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir.

Sekulyarizasiya Nəzəriyyəsinin tarixi inkişafı

Sekulyarlaşma və ya dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran temasıdır. Amma bu terminin kökləri klassik sosiologiyanın baniləri hesab edilən Oqüst Kont və Emil Durkheymin çalışmalarına, Karl Maks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır.

Kontun (1789-1857) üç mərhələ qanununa görə, insan düşüncəsi bir-birini izləyən üç mərhələdən keçir. Teoloji dövrdə insan düşüncəsi, hadisələri fövqəlbəşər varlıqlara istinadən izah edir. Metafizik dövrdə mücərrəd fəlsəfi ideyalara müraciət edilir. Sonuncu “pozitiv dövrdə” isə insan hadisələri müşahidə edərək və aralarında sabit qanunauyğunluqları təyin edərək izah etməyə çalışır.[8] Teoloji dövrdən metafizik dövrə, sonra da pozitiv dövrə keçiş əslində cəmiyyətin getdikcə dünyəviləşdiyini ifadə etmənin başqa bir yoludur.

Maks Veber dinin geriləməsini “dünyanın sehrinin pozulması” şəklində ifadə edir. Amma elmi biliyin, dinin yerini heç bir zaman doldura bilməyəcəyini də əlavə edir. Veberə görə din və dini dəyərlərin formalaşdırdığı davranış tiplərinin yerini, ağla və məqsədə yönəlmiş davranış tipləri almışdır. O, bu davranış dəyişkənliyini kapitalizm və sənayeləşmənin ortaya çıxmasıyla və ictimai institutlarda hakim vəziyyətə gəlmiş rasionallıq və bürokratiya ilə əlaqələndirir. Veber “Protestan Əxlaqı və Kapitalizmin Ruhu” adlı klassik əsərində bu mövzunu detallı şəkildə izah edir. Protestantlığın Kalvinizm qolunun “ilahi qədər” haqqındakı təlimləri iqtisadi həyatda kapitalist münasibətlərin yaranmasında öz təsirini göstərmişdir. [9] Veber “dünyanın sehrinin pozulmasını” narahatlıqla qarşılayır. Bürokratiyaya əsaslanan idarəçiləri “ruhsuz mütəxəssislərə”, rasionallığı isə “dəmir qəfəsə” bənzədir.[10]

Müasir sosioloqlardan Bryan Vilson (1926-2004) sekulyarizasiyanı “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. Ona görə, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir.[11]

Peter Bergerin sekulyarizasiya tezisi ilə əlaqədar çalışmaları iki qismə ayrılır. Gənclik dövrlərində Berger sekulyarizasiya tezisini müdafiə edən ən əhəmiyyətli din sosioloqu olmuşdur. Xüsusilə, The Sacred Canopy adlı kitabında sekulyarizasiya prosesinin başlanğıcını, Yəhudi-Xristian dinlərinin köklərində axtarır. Qədim yəhudi dininin, dünyəviləşməni öz içində ehtiva etdiyini belə ifadə edir:

“Əhdi-Ətiq, özü yaratdığı amma heç bir şəkildə ona nüfuz etmədiyi, kainatın xaricində duran bir Tanrı anlayışını irəli sürür.”[12]

Berger Yahudilərin tanrı anlayışlarını dünyadan uzaq və ayrı təsəvvür etmələri, dünyanı profan yəni, müqəddəslikdən uzaq hala gətirmişdir.

Bergerin ikinci qism çalışmaları isə, bu tezisin tənqidinə həsr edilmişdir. “The Desecularization of the World” və “Secularizm in Retreat” adlı məqalələrini nəşr edərək, Berger bu tezisin dünyanın əksər yerində etibarlı olmadığını, bunun əksinə dinin getdikçə gücləndiyini etiraf etmişdir.[13]

Sekulyarizasiya prosesinin mahiyyəti və aspektləri

Sosioloqlar sekulyarizasiya prosesinin mahiyyətini izah edərkən daha çox din ilə modernləşmə arasıdakı əlaqələri ortaya qoymağa çalışırlar. Stiv Bryus modernləşmənin yayılması ilə dini həyatın ənənəvi formalarının tərk edilməsi arasındakı əlaqələrin mənşəyini reform ve renesans hərəkatı ilə başlayan “individualizm və rasionalizm”də görür. Bryus individualizmin (fərdiyyətçilik) dini inanc və davranışın ictimai təməllərini sarsıdarkən, rasionalizmin dinin bir çox məqsədini ortadan qaldırdığını və inancların əksəriyyətini məntiqsiz hala gətirdiyini düşünür.[14]

Dünyəviləşmə prosesinin iki təməl xarakteristikası vardır. Birincisi, ictimai həyatın bir çox institutlarının bir birindən ayrılması və fərqliləşməsidir. Sosioloqlar bu prosesi “institusional differentasiya” adlandırır. Onlara görə, bu proses, modern adlandırılan cəmiyyətin səciyyəvi cəhətlərindən biridir. Diğəri isə fərqliləşmiş ictimai institutların dinin nəzarətindən çıxmasıdır.[15]

Din sosioloqu Karel Dobbeleare “Sekülerleşmenin Üç Yüzü: Toplumsal, Kurumsal ve Bireysel Sekülerleşme” adlı məqaləsində sekulyarizasiyanın üç aspektini bir-birindən fərqləndirmişdir: ictimai, institusioanal və fərdi sekulyarizasiya.

Dobbelaere, Tomas Lukmanın ictimai sekulyarizasiyanı belə izah etdiyini qeyd edir: “ İctimai sekulyarizasiya, transendental və universal dəyərlərin dindən müstəqil şəkildə yaradılmağa başlandığı prosesdir. Bu prosesin nəticəsində ənənəvi və müqəddəs kainat məfkurələrinin yerini rasional təmayüllü ideyalar alır.[16]

Qrase Davie isə ictimai dünyəviləşməni, qurumların yerinə yetirdiyi funksiyalardakı dəyişmələrlə izah edir. Belə bir funksional dəyişmə nəticəsində daha öncə kilsənin xidmət sahəsinə daxil olan ictimai sektorlar kilsə ilə əlaqələrini kəsir və bu sektorlar avtonomluq qazanır. Nəticədə təhsil, səhiyyə və başqa sosial xidmətlərin təşkilatlanmış din tərəfindən təmin edilməsini heç kim gözləmir. Dünyəvi dövlətlərdə bu sahələr tamamilə dövlətin xidmət sahəsinə və əsas vəzifələri çərçivəsinə girir.[17]

İnstitusional sekulyarizasiya dinin öz içində rasionallaşması nəticəsində baş verir.[18] Sekulyarizasiyanın üç növünü fərqləndirən Dobbeleare, dinin bir institut olaraq geriləməsinin, ictimai dünyəviləşmə nəticəsində baş verdiyini qeyd edir:

İctimai dünyəviləşməni gerçəkləşdirən sosial dəyişmələri rasional bir proses izlədi. Nəticədə bu proses iqtisadiyyatdan məişət həyatına qədər hər sahədə hakim oldu. Din də bunların təsiri altında qalaraq bir qurum kimi özünü rasionallaşdırma ehtiyacı hiss etdi. “Sərbəst din bazarı”[19] şəraiti dini qurumları və ənənələrini “bazara çıxarmağa” (təbliğatına) məcbur etdi. Hədəfə çatmaq üçün dini-ictimai strukturlar bürokratikləşdi, din adamları isə mütəxəssislər (məmurlar) halına gəldi.[20]

Fərdi sekulyarizasiya ilə qəsd edilən məna isə, dinin fərdlərin gündəlik həyatında daha məhdud bir rola sahib olmasıdır.[21]

Dinin cəmiyyət içərisində gücünün və əhəmiyyətinin azalması mütləq mənada fərdlərin dindən uzaqlaşması ilə nəticələnmir. Əksinə, burada dindarlığın nisbətən zəifləməsi və ya kilsə kimi təşkilatlanmış dini qurumlara üzv olmada azalma nəzərdə tutulur. Qısacası ictimai və institusional dünyəviləşmə ilə fərdi dünyəviləşmə arasında səbəb-nəticə kimi birbaşa əlaqələr yoxdur.

Avropa ölkələrində bəzi statistik din araşdırmaları, dini ayinlərdə iştirak etmə fəaliyyətinin zəiflədiyini göstərmişdir. 1970-ci illərdən etibarən kilsə üzvlüyündə daimi bir azalma müşahidə olunmuşdur. Amma fərdi dindarlıq tiplərini nəzərə aldıqda qəti nəticələr əldə etmək daha da çətinləşir. Avropalıların əksəriyyəti dini qurumlara uzaq görünsələr də, tam mənasıyla dinsiz də sayılmazlar. Bir çox insan üçün din, reallığı və davranış biçimlərini izah etməkdə və özlərini anlamada çox əhəmiyyətli çərçivə təşkil etməyə davam edir.[22] Qrase Davie fərdi dindarlıq dediyimiz bu fenomeni “aid olmadan inanma” (beleaving without belonging) adlandırmışdır.

Siyasət elmləri professoru Corc Moyzer, “Religion and Politics in Modern World” adlı kitabında sekulyarizasiyanın beş aspektini bir-birindən fərqləndirir: [23]

  1. Konstitusional sekulyarizasiya: dövlətin əsas məqsəd və vəzifələrinin dünyəviləşməsi və ya dini qurumlara rəsmi statususun (dövlət dini) verilməməsi;
  2. Siyasi sekulyarizasiya: dövlətin cəmiyyəti dini kriteriyalara görə idarə etməsinə son verməsi, daha öncə dinin nəzarətində olan sahələrin dövlətin xidmət sahəsinə keçməsi (təhsilin, siyasətin, səhiyyənin dünyəviləşməsi);
  3. İnstitusional sekulyarizasiya: dini institutların (kilsə, təriqət, dini camaatlar) partiya, ictimai hərəkatlar və təzyiq aparatları (pressure group) olaraq siyasi əhəmiyyətini itirməsi;
  4. Gündəmin (ictimai problemlərin) sekulyarizasiyası: problemlər və ehtiyacların dini məzmundan uzaqlaşması, məsələlərin həlli yollarının dini zəmində müzakirə edilməməsi;
  5. İdeoloji sekulyarizasiya: siyasi reallığa məna qazandırmaq və dəyərləndirmək üçün fundamental dəyər və normaların yaradılması prosesində dini doqmaların təsirinin itməsi.

Dinin deprivatizasiyası və sekulyarizasiya tezisinin tənqidi

Bu başlıqda sekulyarizasiya tezisinə yönəldilən tənqidlərə nəzər salmaq istəyirik. Keçən əsrin son 20 ilindən başlayaraq dünyəviləşmənin qlobal bir proses olmadığı, modernləşmənin hər zaman dünyəviləşməyə səbəb olmadığı, hətta bəzilərinə görə əsrin sonundan etibarən gözlənilmədən dinin yüksəlişə keçdiyi qeyd edilmişdir.

Peter Berger[24], Jose Kasanova və Qrase Davie kimi müasir sosioloqlar artıq sekulyarlaşma nəzəriyyəsinin dünyanın bütününə aid olmadığını, hətta Avrupa sekulyarizasiya təcrübəsinin dünyada istina olduğunu qeyd edirlər. Jose Kasanova “Public Religions in the Modern World” bütün dünya miqyasında istər gündəlik həyatda, istərsə də ictimai-siyasi həyatda dinin artan rolunu ifadə etmək üçün “dinin deprivatizasiyası” terminindən istifadə etmişdir.[25] Bu fikrə görə, din şəxsi (privat) məsələ olmaqdan çıxıb, getdikcə ictimai bir hal almaqdadır. Kasanovanın iddiasına görə, “sekulyarlaşma əfsanəsinə” artıq heç kim inanmır. Amerika və Avrupa ölkələri daxil olmaqla dünyanın müxtəlif yerlərində dinin ictimailəşməsi geniş vüsət almaqdadır.

Berger qeyd edir ki, “dünyəviləşmə müasir cəmiyyətlərin qlobal fenomeni kimi görünsə də, hər cəmiyyətdə eyni tərzdə yayılmamışdır. Fərqli bölgələrdəki cəmiyyətlər dünyəviləşmə prosesindən fərqli dərəcədə təsirlənmişdir.”[26] Bu cəhətdən müsəlman dünyası da fərqlilik göstərir. Bir səbəb kimi, müsəlman dövlətlərin bir çoxlarının ictimai sahədə əsas xidmət və vəzifələri təmin etməkdə uğursuz olması, dinin ictimai bir institut kimi cəmiyyətdə canlılığını qorumasına yol açmışdır.[27] Dövlətin təmin edə bilmədiyi xidmətlər (təhsil, sosial müdafiə və s.) dini təşkilatlar tərəfindən təmin edildikcə, dinin (İslamın) ictimai-siyasi həyatda nüfuzu artmışdır.

Sekulyarizasiya tezisini irəli sürənlər modernləşmə ilə din arasında birtərəfli bir münasibətin olduğunu hesab edirdilər. Yəni, modernləşmə artdıqca həm ictimai, həm də fərdi səviyyədə din geriləyəcək. Berger, “Sekülerizmin Geriləməsi” adlı məqaləsində modernləşə ilə din arasında belə bir əlaqənin olmadığını belə ifadə etmişdir:

“ Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi ərazilərdə bunun daha da çox hiss edildiyi doğrudur. Amma modernləşmənin dünyəviləşmə əleyhdarı bir çox güclü hərəkatları ortaya cıxartdığı görunür. Bundan əlavə ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də gerçəkləşməsi kimi məcburiyyət yoxdur. Bir çox cəmiyyətdə bəzi dini təşkilatlar güclərini və nüfuzlarını itiriblər, amma həm qədim, həm də yeni dini inanc və ibadət şəkilləri, bəzən yeni institusional şəkillərə, bəzən də ifrat dini ifadələrə çevrilərək fərdlərin həyatında yerlərini qorumuşdur…”[28]

Bu sətirlərdən də anlaşılan odur ki, din ilə modernləşmə prosesi arasında birxətli sekulyarizasiya münasibəti yoxdur. Bunun yerinə modernləşmə fərqli ölkələr və cəmiyyətlərdə müxtəlif nəticələr doğurmuşdur.

Modernləşmə dinin bir qurum olaraq nüfuzunu itirməsi, dinin ictimai funksiyalarının məhdudlaşdırılması ilə müşaiyət olunsa da, bu sekulyarizasiya nəticəsində dinin ümumiyyətlə dünyadan yox olmasını sanmaq tamamilə xətalı bir düşüncədir.[29]

Sekulyarizasiya tezisi Avropada inkişaf etmişdir. Bu tezisin arqumentləri daha çox Avropa mərkəzli olduğu düşüncəsini yaradır. Avropanın iqtisadi və siyasi həyatı inkişaf etdikcə dinin ictimai nüfuzu azalmışdır. Bu prosesdə dini təmayüllər varlığını davam etdirmiş, lakin daha çox şəxsi bir məsələ halına gəlmişdir.[30]

Avropada müşahidə edilən vəziyyətin, sekulyarizasiyadan daha çox institusional dindən qaçış olduğu nəzərə çarpır. Yəni, din üçün “yox olma” deyil, bir yer dəyişdirmə hadisəsi baş vermişdir.[31] Bununla yanaşı, Avropanın dünyanın digər bölgələrindən fərqləndiyini də qeyd etmək lazımdır. Məsələn, ABŞ-da din, Avropa ilə müqayisə edilməyəcək dərəcədə güclüdür. Dinin ABŞ-da gücü və nüfuzu, özünü həm fərdi dindarlıqda həm də dinin ictimai-siyasi həyatdakı fəallığında göstərməkdədir.

Nəticə

Sekulyarizasiya tezisi haqqında müxtəlif rəyləri üç qrupa ayıra bilərik. Birinci qrupa daha çox klassik sosioloqlar (Marks, Kont, Freyd və s.) daxildir. Bunlara görə, modernləşmə və dünyəviləşmə arasında yaxın bir əlaqə var. Dünyəviləşmə davam etdikcə din, bir institut və fərdi olaraq tamailə yox olacaqdır. Bu kəhanətin doğru çıxmadığı artıq açıq şəkildə ortadadır. Bergerin ifadə etdiyi kimi, bu günkü dünya ən az əvvəlki dövrlərdə olduğu qədər dindardır.

İkinci qrupda yer alan sosioloqlara görə isə, (Kasanova və b.) dünyəviləşmə tezisi ümumiyyətlə əfsanədən ibarətdir və bu tezis sosiologiyadan çıxarılmalıdır. Bu görüşlə tamamilə razılaşmaq mümkün deyil. Çünki, ən azı Qərbi-Avropa ölkələrində dinin, bir qurum olaraq gerilədiyini müşahidə edirik.

Üçüncü qrupda yer alan sosioloqlara görə, sekulyarizasiyanın nəticəsində dinin bir qurum olaraq geriləmiş olması doğrudur. Orta əsrlərdə dinin nəzarət etdiyi bir çox ictimai institutlar dünyəviləşmişdir. Təhsil, səhiyyə, siyasət və başqa ictimai institutlar dindən müstəqillik qazanmışdır. Amma institusional dünyəviləşmə fərdi müstəvidə dinin geriləməsinə səbəb olmur. Bu məqalədə biz də nisbi bir dünyəviləşmənin yaşandığını qəbul edirik. Amma fərdi müstəvidə din, müasir cəmiyyətlərdə də insanlara dünya görüşü, həyatda məna arayışı və mənsubiyyət duyğusu qazandırma funksiyalarını davam etdirməkdədir.

ƏDƏBİYYAT

[1] Roy Wallis, Steve Bruce, “Secularization: The Orthodox Model” Religion and Modernization, Editor: Steve Bruce, Clarenton Press- Oxford 1992, s. 11; Martin Slattery, Sosiolojide Temel Fikirler, Sentez Yayıncılık, 3. Baskı, İstanbul 2010, s. 302.

[2] Peter L. Berger, “Sekülerizmin Gerilemesi”, Sekülerizm Sorgulanıyor: 21. Yüzyılda Dinin Geleceği, Hazırlayan: Ali Köse, Ufuk Kitapları, İstanbul 2002, s. 22-23.

[3] Azərbaycan Respublikasının Konstitusiyası, maddə , 7.1 və 18.1, Azərbaycan Respublikasında Dövlət-Din münasibətlərinin Tənzimləyən Rəsmi Sənədlər, DQİDK, 2011.

[4] Azərbaycan Respublikasının Konstitusiyası, maddə 18.3 Azərbaycan Respublikasında Dövlət-Din münasibətlərinin Tənzimləyən Rəsmi Sənədlər, DQİDK, 2011.

[5] Jean Bauberut, Laiklik: Tutku ve Akıl Arasında 1905-2005, İstanbul Bilgi Üniversitesi Yayınları, Çeviren Alev Er, İstanbul 2005, s. 6-7.

[6] Jean Bauberut, Laiklik: Tutku ve Akıl Arasında 1905-2005, s. 9

[7] Roy Wallis, Steve Bruce, “Secularization: The Orthodox Model” s. 9.

[8] Raymond Aron, Sosyolojik Düşüncenin Evreleri, tər. Korkmaz Alemdar, Bilgi Yayınevi, 5. Basım, Ankara 2004, s. 67

[9] Max Veber, Protestant Ahlakı ve Kapitalizmin Ruhu, ter. Zeynep Gürata, Ayraç Yayınları, İstanbul 2008,s.85-87

[10] İnger Funset, Pal Pepsdat, Din Sosiolojine Giriş: Klasik və Çağdaş Kuramlar, ter. İhsan Çapcıoğlu ve Halil Aydınalp, Birleşik Yayınları, Ankara 2011, s. 159.

[11] Martin Slattery, Sosiolojide Temel Fikirler, Sentez Yayıncılık, 3. Baskı, İstanbul 2010, s. 301.

[12] Peter L. Berger, Kutsal Şemsiye: Dinin Sosiolojik Teorisinin Ana Sorunları, ter. Ali Coşkun, Rağbet Yayınları, 4. Baskı, İstanbul 2011, s. 211.

[13] Məqalə üçün baxın: Peter Berger,” Sekülerizmin Gerilemesi,” Sekülarizm Sorgulanıyor: 21. Yüzyılda Dinin Geleceği, Hazırlayan Ali Köse, s. 11-32.

[14] Grace Davie, Modern Avrupada Din, s. 31-32.

[15] Jean Bauberut, Laiklik: Tutku ve Akıl Arasında 1905-2005, s. 9

[16] Karel Dobbelaere, “Sekülerleşmenin Üç Yüzü: Toplumsal, Kurumsal ve Bireysel Sekülerleşme” Laik ama Kutsal, Hazırlayan Ali Köse, Etkileşim Yayınları, İstanbul 2006, s. 109.

[17] Grace Davie, The Sociology of Religion, Sage Publications, London 2007, s. 49

[18] Niyazi Akyüz- İhsan Çapçıoğlu, Ana Başlıklarıyla Din Sosyolojisi, Gündüz Eğitim ve Yayıncılık, Ankara 2007, s. 404

[19] din bazarı (religious economy) termini, cəmiyyətdə müxtəlif dini qruplar ve dini ideologiyaların bir-biriləri ilə sərbəst bazar prinsiplərinə görə (təklif və tələb) azad rəqabət apardıqları mühiti təsvir edən nəzəriyyədir.

[20] Karel Dobbelaere, “Sekülerleşmenin Üç Yüzü: Toplumsal, Kurumsal ve Bireysel Sekülerleşme, s. 117

[21] İnger Funset, Pal Pepsdat, Din Sosiolojine Giriş: Klasik və Çağdaş Kuramlar, s. 178

[22] İnger Funset, Pal Pepsdat, Din Sosiolojine Giriş: Klasik və Çağdaş Kuramlar, s. 236.

[23] George Moyser, Religion and Politics in Modern World, s. 14-15

[24] Peter Berger, “Sekülerizmin Gerilemesi”, Sekülerizm Sorgulanıyor: 21. Yüzyılda Dinin Geleceği , Editor və tərcümə edən, Ali Köse, Ufuk Kitapları Nəşr. İstanbul 2002, S. 21-22.

[25] Jose Casanova, Public Religions in the Modern World, The University of Chicago Press, Chicago and London 1994, s. 211

[26] Peter L. Berger, Kutsal Şemsiye: Dinin Sosiolojik Teorisinin Ana Sorunları, ter. Ali Coşkun, Rağbet Yayınları, 4. Baskı, İstanbul 2011, 197-198.

[27] Grace Davie, The Sociology of Religion, s. 50

[28] Peter Berger, “Sekülerizmin Gerilemesi” s. 13-14

[29] Pippa Norris-Ronald Inglehart, Sacred and Secular: Religion and Politics Worldwide, Cambridge University Press, New York 2004, s. 25

[30] Grace Davie, Modern Avrupada Din, Küre Yayınları, tercüme Akif Demirci, İstanbul 2005, s. 33

[31] Peter Berger, “Sekülerizmin Gerilemesi”, s. 22

Asəf Qənbərov (Dövlət və Din, N: 3 Mart, 2015)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: