Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Dövlət » Dini Fundamentalizmin mahiyyəti (sunna.az)

Dini Fundamentalizmin mahiyyəti (sunna.az)

Advertisements

Bəşəriyyət tarixində insanların həyatına ən çox istiqamət verən, onun dünya görüşünü formalaşdırmaqdan başlayaraq mədəni, elmi, iqtisadi və siyasi davranışlarını tənzimləyən müəssisənin din olduğunu söyləyə bilərik. Insan həyatının bütün sahələrinə nüfuz edən din, yalnız son bir neçə yüzillik içərisində əhəmiyyətli dərəcədə bu sahələrin çoxundan əlini üzmüşdür. Sənayə inqilabı, elmi nailiyyətlər və başqa sosyal iqtisadi və s. proseslər dinin hegemoniyasını zəiflətdi. Bunlardan ilham alan mariflənmə dönəmi filosofları arasında dinin qısa zamanda tamamilə yox olacağını ürəli sürənlər də oldu. Amma bütün bunlara baxmayaraq XXI əsrin fundamentalist dini cərəyanların yüksəliş dönəmi olduğu müşahidə edilməkdədir. Bəzi müəlliflər fundamentalizmin yüksəlişini “yeni soyuq savaş” adlandırır. Mütəxəssislərin bu narahatlığı  fundamentalistlərin getdikcə ictimai sferada dini hakimiyyətlərini yerləşdirmə cəhdlərindən irəli gəlməkdədir. Din və siyasətin ayrılığı prinsipi dini fərdin özəl sahəsi ilə məhdudlaşdırır. Bununla barışmayan dini qruplar ictimai sahəni yenidən ələ keçirib, dini ideyaları çərçivəsində cəmiyyəti yenidən təşkilatlandırma məqsədi güdürlər.

Fundamentalizm yeni termindir, cıxış yeri qərb dünyasıdır. XX əsrin ilk onillikərində ABŞ-da bir qrup protestant inanclı yazarlar bir lahiyə başlatdılar. Bu layihənin əsas məqsədi Müqəddəs Kitabın tənqidinə qarşı çıxıb, Tanrı sözünün doğruluğunu və yanılmazlığını ispat etmək idi. “Fundamentals” yəni əsaslar adı ilə protestantlar üçün vazkeçilməz inanc olan beş prinsip detallı şəkildə işlənib hazırlandı. On iki cilddən meydana gələn “Fundamentals”ın üç milyondan çox nüsxəsi hər hansı qarşılıq almadan paylaşdırıldı. Bu müəlliflərə görə Müqəddəs kitab hərfi mənada (literal) döğru qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, müqəddəs kitabda verilən bilgilər sadəcə mənəvi-əxlaqi dəyərlərdən ibarət deyil, kainatın və canlılar aləminin yaradılışı, ulduzlar, günəş və ayın hərəkəti kimi müşahidə edə biləcəyimiz fiziki hadisələr, tarixdə baş verdiyi iddia edilən hekayələr qəbilindən müxtəlif  məlumatları ehtiva edir. Müqəddəs kitab tənqidçiləri bu məlumatları məcazi mənada qəbul etmək tərəfdarıdırlar. Çunki bunların bir çoxu elmi və tarixi bilgilərimizlə açıq ziddiyyət içərisindədir. Bir misal vermək gərəkirsə Tövratın Yaradılış kitabı öncə yerin sonra günəşin yaradılışından bəhs edir. Yeni yaradılışçılar adlanan fundamentalistlər müqəddəs kitaba əsaslanaraq kainatın sadəcə yeddi min il öncə yaradılıldığını iddia edirlər. Amma bu gün elm kainatın yaşını milyard illərlə ölçür. Təkamül nəzəriyyəsi isə fundamentalist müəlliflərin üzərində ən çox durduğu və tənqid etdikləri mövzudur. Xüsusilə insanın başqa canlılardan təkamül edərək yarandığı və ya yaradıldığı fikri qətiyyən qəbul edilmir. Fundamentalist baxış hər bir canlının ən yetkin formada yaradıldığını və növlər arası təkamülün olmadığını müxtəlif formada ispatlamağa çalışır. Din və elm arasındakı əlaqələr Xristian aləmində öncə həllini tapmışdı. Məşhur xristian ilahiyyatçı Avqustin “əgər dini bir mətin elmi fikirlərə zidd olduğu görülərsə elm əsas alınmalıdır, çünki dini mətinlər məcazi ifədələrdən geniş istifadə edir” deyərək fiziki dünya haqqında elmi əsas almağın doğru olduğunu söyləyirdi. Katolik kilsəsi elmin avtoritetini qəbul etmək üçün uzun zaman keçməsi gərəkirdi. Cordano Bruno yandırılacaq, Qaliley ev dustağı ediləcəkdi. Amma nəhayət kilsə, fiziki aləmi izah etmə işində elmin mütləq üstünlüyü ilə barışmaq məcburiyyətində qaldı.

Fundamentalistlər modern elmi tamamilə rədd etmirlər; əksinə praqmatik davrandıqlarını demək daha doğru olacaq. Ideologiyalarını yaymaq üçün elmin bütün məhsullarından istifadə etməyə açıqdılar. Hətta günümüzdəki elmi nailiyyətərin daha öncə müqəddəs kitabda yer aldığını göstərməyə çalışırlar. Çox qəribədir ki, elmi metodlarla ispatlanmış bir çox həqiqətləri qəbul etmədikləri halda, kitabı müqəddəsin yanılmazlığını ispat etmək üçün yenə də elmə müraciət edirlər. Bu tutarsız davranışın protestant fundamentalistlərindən təsirlənən bəzi müsəlman dini cərəyanlarında da müşahidə edilir.

Xristian fundamentalizminin yarandığı ilk illərdə bu fəaliyyət sadəcə entellektual bir hərəkat olmuşdur. Məqsəd Tanrı sözünün “ən döğru interpretasiyasını” yəni hərfi mənada döğruluğunu kütlələrə çatdırıb insanların əbədi qurtuluşuna nail olmaq idi. Fəaliyyətlərini Televiziya ve radyo kanalları açmaq, kitab və braşorlar paylamaq yolu ilə ilahi kəlamları yaymaqla məhdudlaşırdı.  Bunu kimi dini cərəyanlar siyasi həyata çox müdaxilə etmirdi. Amma son zamanlarda əhəmiyyətli ölçüdə seçici kütləsinə sahib “xristian sağçılar” və ya “evangelistlər” adlanan fundamentalist cərəyan siyasi həyatda da gücünü nümayiş etdirməkdədir. Xristian şağçıların Amerikada cəmiyyətin siyasi həyatına müəyyən təsir göstərəcək səviyyədə olduğu təxmin edilir. Bu cərəyanlar müxtəlif sosyal xidmətləri həyata keçirir; orta və ali təhsil, səhiyyə, xeyriyyəçilik və başqa sahələrdə geniş fəaliyyət arenasına sahibdirlər. Bu minvalla getdikçə ictimai siyasi sahələrdə söz sahibi olmağa davam edirlər.

Islami fundamentalizm isə, 1920 ci illərdə müsəlman qardaşlar adı altında Misirdə qurulan dini siyasi təşkilatlanmanın yaradılmasından sonra ortaya çıxdığı hesab edilir. Iran islam inqilabından sonra isə islami fundamentalizm termini daha sıx müzakirə edilməyə başladı. Mütəxəssislərin bir çoxu islami fundamentalizmi, din ilə dövlətin birləşdirilməsini müdafiə edən və dünyəvi dövlət prinsiplərini rədd edən siyasi təşkilatlanma şəklində xarakterizə edirlər. Xristian fundamentalistlərdən fərqli və bənzər yönlərini ayırd etmək gərəkirsə, modern sekulyar dövlət quruluşuna düşməncə yanaşmaq, liberal dəyərləri rədd etmək hər iki dini cərəyanın ortaq yönlərini təşkil edir. Amma Quran və sünnənin yanılmazlığı və tənqidə qapalı olduğu məsələsi isə sadəcə fundamentalist cərəyanların deyil, əksər müsəlmanların inandığı dini əsaslardır. Müsəlman dünyasındakı fundamentalistlər dini cərəyanlar arasına, daha açıq ifadə ilə  “şəriət dövləti” qurmağı hədəfləyən dini cərəyanları daxil etmək olar. Bunun çox qatı bir örnəyini İraq və Suriya ərazilərində silahlı zorakılıqla yayılan İslam Dövləti təşkilatı, Afrikadakı Boko Haram terror təşkilatı və bənzər ekstremist qruplar olduğunu görürük. Bu təşkilatlar Quranı çox qatı bir mənada təfsir edib, konteksindən uzaqlaşdıraraq günümüzdə tətbiq etməyə çalışırlar. Nəticədə dini və etnik azlıqların ifadə azadlığı, din və etiqad azadlıqları tapdanır, şəriətin qatı qanun qaydaları altında yaşamaqdansa insanlar yurdundan didərgin düşməyi üstün tuturlar.

Günümüzdə fundamentalist ideyaların təhlükəsini artıq hər kəs anlayır və belə silahlı qruplaşmanın qarşısını almaq güclü dövlətlər üçün çətin olmayacaq. Insanların əlindən silahları almaq olar, amma beyinlərindən ideyaları silmək daha çətindir. Diqqət edərsək bunun kimi ekstremist cərəyanların geri qalmış, elm və sivilizasiyadan uzaq topluluqlarda daha çox rəvaç tapdığını görürük. Belə halların qarşısını almaq üçün güc tətbiq etməkdən çox elm və mədəniyyət sahəsində cəmiyyətlərin mariflənməsini təmin etmək ən doğru yoldur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: